Xəbərlər
"İntellekt zirvəsi"

"İntellekt zirvəsi"
30 sentyabr 2026-cı il tarixdə Uşaq Səfirlər Məclisinin Şəki üzrə nümayəndəsi Nübar Əbdürəhmanovanın təşəbbüsü, Şəki Şəhər İcra Hakimiyyətinin Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və Şəki rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Şəki şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbində Uşaq Səfirlər Məclisinin “Bilik yarışı” layihəsi çərçivəsində “İntellekt zirvəsi” adlı intellektual oyun təşkil olunub.
Yarışda Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi, Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Günəş Əzimova, Şəki rayonu üzrə Təhsil sektorunun məsləhətçisi Məftunə Abdullayeva,ETİHİ Şəki Şəhər Komitəsinin heyət üzvü İlhamə Kərimova, Şəki şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Aynur Qədirova, Şəki şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin nümayəndələri, Uşaq Səfirlər Məclisinin Şəki rayonu üzrə fəalları, məktəb şagirdləri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İntellektual oyun şagirdlərdən ibarət 10 komanda arasında təşkil olunub. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda fəallıq göstərən komandalar öz bilik və bacarıqlarını uğurla nümayiş etdiriblər.
Yarışın yekun nəticələrinə əsasən, 1, 2 və 3-cü yerləri tutan qalib komandalar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi -nin və Şəki rayonu üzrə Təhsil sektorunun fəxri fərmanları ilə təltif olunublar.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd şagirdlərin intellektual potensialını üzə çıxarmaq, dünyagörüşünü və bilik səviyyəsini artırmaq, eləcə də şagirdlər arasında komanda ilə işləmək bacarığını, əməkdaşlıq vərdişlərini və sağlam rəqabət mühitini formalaşdırmaq olmuşdur.
Ümumdünya Layiqli Əmək Günü ilə bağlı tədbirlər keçirilib

Ümumdünya Layiqli Əmək Günü ilə bağlı tədbirlər keçirilib
7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin xidmətində olduğu təhsil müəssisələrində tədbirlər və dəyirmi masalar təşkil olunub.
İşəgötürənlərin, komitə əməkdaşlarının və ittifaq üzvlərinin iştirakı ilə 48 ilk həmkarlar ittifaqı təşkilatında keçirilən tədbirlərdə 850-dən çox ittifaq üzvü iştirak edib.
Tədbirlərin əsas məqsədi layiqli əməyin əsas prinsiplərinin təbliği, əmək hüquqlarının qorunması, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması, sosial ədalət və əmək münasibətlərində qarşılıqlı əməkdaşlığın əhəmiyyətinin diqqətə çatdırılması olub.
Dəyirmi masalar zamanı layiqli əmək, əmək hüquqları, əməyin mühafizəsi, işçilərin sosial təminatı və həmkarlar ittifaqlarının bu istiqamətdə rolu barədə fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib.
Müəllimlərə bayram hədiyyələri təqdim olunub.

Müəllimlərə bayram hədiyyələri təqdim olunub.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin xidmətində olduğu 153 təhsil müəssisələrində çalışan bir qrup fəal müəllimə əməyinə verilən dəyərin və təhsil işçilərinə göstərilən diqqətin ifadəsi olaraq hədiyyələr təqdim olunub.
ETİHİ Şəki Şəhər Komitəsi olaraq bütün müəllimləri təbrik edir, onlara möhkəm cansağlığı və şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayırıq!
Şəkidə 5 Oktyabr- Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar regional tədbir keçirilib

Şəkidə 5 Oktyabr- Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar regional tədbir keçirilib
5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə Şəki Şəhər Heydər Əliyev Mərkəzində regionun ümumtəhsil müəssisələrində fəaliyyət göstərən bir qrup fəal müəllimlərin iştirakı ilə bayram tədbiri təşkil olunub.
Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) rayon-şəhər komitələrinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Həsənov, Şəki rayon prokuroru Anar Nəsibov, YAP Şəki Təşkilatının sədri Daşqın Mikayılov, İdarənin struktur bölmə rəhbərləri, ETİHİ-nin rayon-şəhər komitələrinin sədrləri-Ziyafət Xasiyeva,Rübail Əfəndiyeva,Ramazan Molulov,Fərman İbrahimov,Camal Qurbanov, məktəb direktorları və müəllimlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Daha sonra qonaqlar Mərkəzin foyesində Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzininin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin və dünayadan köçmüş təhsil işçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayan Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova ilk olaraq hər kəsi əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını bildirib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev hər zaman müəllim əməyini yüksək qiymətləndirib, onlara hörmət və ehtiramla yanaşıb. Müəllimlərin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımların ölkə Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov da çıxışında müəllim peşəsinin yüksək dəyərlərindən, müəllimlərin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rolundan bəhs edib və bir qrup fəal təhsil işçisini təltif edib.
Daha sonra çıxış edənlər regionda təhsilin inkişafında əldə olunan nailiyyətlərdən,ölkə prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan qeyd etmiş və bayram münasibətilə bütün təhsil işçilərini təbrik etmişdirlər.
Daha sonra təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində əldə etdikləri yüksək nailiyyətlərə görə bir qrup təhsil işçisinə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə təltif olunmuş bir qrup təhsil işçisi, o cümlədən regionda fəaliyyəti ilə fərqlənən müəllimlərə və təhsil işçisi olan şəhid analarına Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin fəxri fərman və hədiyyələri təqdim olunub.
Tədbir şagirdlərin ifasında müəllim peşəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalarla davam edib
"Zəhmətiniz gələcəyimizdir"

"Zəhmətiniz gələcəyimizdir"
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Şəki Şəhər Komitəsinin, Şəki rayonu üzrə Təhsil Sektorunun və Şəki şəhər 8 nömrəli Beynəlmiləl tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə oktyabrın 2-də məktəbdə rayon tədbiri keçirilib.
Tədbirdə ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki rayonu üzrə Təhsil Sektorunun müdiri Zamiq Cəbiyev,şəhid anaları, məktəbin rəhbərliyi və müəllim kollektivi iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Büllur Abdulsəlimli açaraq müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxış edən Ziyafət Xasiyeva və Zamiq Cəbiyev ölkəmizdə həyata keçirilən dövlət təhsil siyasəti, bu istiqamətdə əldə olunan nailiyyətlər barədə fikirlərini bölüşərək müəllimlərin cəmiyyətin və gələcək nəslin formalaşmasında mühüm rolunu vurğulayıblar. Natiqlər pedaqoji fəaliyyətində fərqlənən müəllimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbir çərçivəsində bir qrup qabaqcıl müəllimə ETİHİ Şəki Şəhər Komitəsi və Şəki rayonu üzrə Təhsil Sektoru tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.
Sonda məktəbin şagirdlərinin təqdimatında Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib
Bir qrup ittifaq üzvü təltif olunub

Bir qrup ittifaq üzvü təltif olunub
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin xidmətində olan təhsil müəssisələrində çalışan bir qrup ittifaq üzvü təhsilin inkişafına verdikləri töhfələrə, gənc nəslin təlim-tərbiyəsində göstərdikləri yüksək nəticələrə və səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının elm və təhsil nazirinin müvafiq əmri ilə, 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunublar.
Müvafiq əmrə əsasən, Şəki rayonu üzrə 4 təhsil işçisi müxtəlif təltiflərə layiq görülüb.
Belə ki,Şəki şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi Abdurahmanov Vüqar Əbülfət oğlu “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə, Şəki şəhər 8 nömrəli Beynəlmiləl tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Məmmədov Anar İlyas oğlu, Şəki şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Əlibalayev Elçin Kərəm oğlu, Şəki rayon Cəfərabad kənd tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Qaffarova Vətəngül Qaffar qızı isə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif ediliblər.
ETİHİ Şəki Şəhər Komitəsi olaraq çoxsaylı ittifaq üzvlərimiz adından təltif olunan ittifaq üzvlərimizi səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində möhkəm cansağlığı, yeni-yeni uğurlar və nailiyyətlər arzulayırıq!
Qeyd edək ki,5 Oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə Şəki-Zaqatala regionu üzrə 16 nəfər təhsil işçisi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin müvafiq əmri ilə təltif olunub.
5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə Şəki rayonunda tədbirlər keçirilib

5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə Şəki rayonunda tədbirlər keçirilib
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə Şəki rayonununı ucqar kəndlərində yerləşən Qumux və Şin kənd tam orta ümumtəhsil məktəblərində müəllimlərlə görüşlər keçirilib.
Görüşlərdə ETİHİ Respublika Komitəsi sədrinin müşaviri Natiq Zamanov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva və Şəki rayonu üzrə Təhsil Sektorunun müdiri Zamik Cəbiyev iştirak ediblər.
Əvvəlcə Qumux kənd tam orta ümumtəhsil məktəbinin girişində yerləşən "Şəhidlər bulağına" gül dəstələri düzülərək əziz xatirələri ehtiramla yad edilib.
Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər müəllimləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək, müəllimlik peşəsinin cəmiyyətin inkişafında mühüm və şərəfli missiya daşıdığını vurğulayıb, onlara bu məsuliyyətli və şərəfli fəaliyyətlərində möhkəm cansağlığı, uğurlar və yeni nailiyyətlər arzulayıblar.
Dəyirmi masa ətrafında səmimi və işgüzar şəraitdə davam edən görüşlər zamanı müəllimlərin fikir və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində bir qrup müəllimə ETİHİ Respublika Komitəsinin hədiyyələri təqdim olunub.
Beynəlxalq Müəllimlər Günü ilə bağlı tədbirlər çərçivəsində daha sonra Əməkdar müəllim, şəhid anası Dursun Cavadova, şəhid anası Rəmziyyə Nadirova, həmçinin Əməkdar Müəllim- Nailə Şərifova evlərində ziyarət olunublar.
Ziyarət zamanı müəllimlərin bayramı təbrik edilib, onlara hədiyyələr təqdim olunub və səmimi söhbət aparılıb.
Görüşün sonunda müəllimlər göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə edərək, onların əməyinə verilən yüksək dəyərə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədova və ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevə öz dərin təşəkkür və minnətdarlıqlarını çatdırmağı Natiq Zamanovdan xahiş ediblər.
Ahıl təhsil işçiləri evlərində ziyarət olunub

Ahıl təhsil işçiləri evlərində ziyarət olunub
1 Oktyabr – Beynəlxalq Ahıllar Günü və 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə bir qrup ahıl təhsil işçisi evlərində ziyarət olunub.
Ziyarət zamanı Baş Göynük kənd 1 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi Rəhimov Qurban Abakər oğlu, Şəki şəhər 11 nömrəli tam orta məktəbinin müəllimi Abbasova Bibixanım Nəsib qızı, Şəki rayonu üzrə Təhsil Sektorunun məsləhətçisi Kərimov Cumay Zahid oğlu, eləcə də Kiş kənd 4 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Qarayeva Dilşad Seydi qızı ilə səmimi görüşlər keçirilib.
Ahıl təhsil işçilərini ETİHİ Respublika Komitəsi sədrinin Daxili nəzarət və keyfiyyətin təminatı üzrə müşaviri Natiq Zamanov,Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki rayonu üzrə Təhsil Sektorunun müdiri Zamik Cəbiyev və komitənin əməkdaşları ziyarət ediblər.
Səmimi görüşlər zamanı ahıl təhsil işçilərinin təhsil sahəsində uzunillik səmərəli fəaliyyətləri, gənc nəslin təlim-tərbiyəsində və yetişdirilməsində göstərdikləri xidmətlər yüksək qiymətləndirilib. Onlara möhkəm cansağlığı, uzun ömür və ailə səadəti arzulanıb, hədiyyələr təqdim olunub.
Ahıl təhsil işçiləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Şəhidlər Xiyabanı ziyarət olunub

Şəhidlər Xiyabanı ziyarət olunub
27 Sentyabr – Anım Günü ilə əlaqədar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin əməkdaşları ittifaq üzvləriylə birlikdə Şəki şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarları üzərinə tər qərənfillər düzülüb.
İlk təşkilatlarda növbədənkənar seçki iclasları

İlk təşkilatlarda növbədənkənar seçki iclasları
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Şəki Şəhər Komitəsinin xidmətində olan məktəbəqədər, ümumi orta və tam orta ümumtəhsil müəssisələrini əhatə edən 8 (Şəki şəhər 22 və 28 nömrəli körpələr evi uşaq bağçaları,Baş Zəyzid və Oxud kənd uşaq bağçaları,Baş Küngüt kənd Nazim Hacıyev adına tam orta ümumtəhsil məktəbi,Çeşməli kənd tam orta ümumtəhsil məktəbi,Kiş kənd Aydın Məmmədov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi,Babaratma kənd ümumi orta ümumtəhsil məktəbi) ilk həmkarlar ittifaqı təşkilat və komitələrində növbədənkənar seçki iclasları keçirilib.
Seçki iclaslarının keçirilmə səbəbi 2026-cı ilin 9 ayı ərzində ilk həmkarlar ittifaqı komitə və təşkilatlarında fəaliyyət göstərən sədrlərin çalışmanın yaş həddinə çatması, iş və ya yaşayış yerinin dəyişilməsi ilə əlaqədar olaraq yeni sədr seçkiləri olub.
Keçirilən seçki iclaslarında təşkilatların fəaliyyəti, qarşıda duran vəzifələr və ittifaq üzvlərinin hüquq və mənafelərinin müdafiəsi istiqamətində görüləcək işlər müzakirə olunub. Səsvermə yolu ilə yeni sədr seçilən şəxslərə həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin səmərəli təşkili ilə bağlı müvafiq tövsiyələr verilib.
Qeyd olunub ki, ilk həmkarlar ittifaqı təşkilatlarının əsas fəaliyyət istiqamətlərindən biri təhsil işçilərinin əmək hüquqlarının, sosial-iqtisadi və qanuni mənafelərinin müdafiəsini təmin etmək, onların əmək və sosial məsələlərinin həllinə dəstək göstərməkdir.
Şəki məktəblərində "Bilik Günü" qeyd olunub

Şəki məktəblərində "Bilik Günü" qeyd olunub
15 Sentyabr – Bilik Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Şəki Şəhər Komitəsinin əməkdaşları rayonun müxtəlif təhsil müəssisələrində keçirilən tədbirlərdə iştirak ediblər.
Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə iştirak edən ETİHİ Şəki Şəhər Komitəsinin əməkdaşları məktəblərin pedaqoji kollektivlərini, şagirdləri və valideynləri 15 Sentyabr – Bilik Günü münasibətilə təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıblar.
Şəki Dövlət Regional Kollecinin tələbələri yay düşərgəsində iştirak ediblər

Şəki Dövlət Regional Kollecinin tələbələri yay düşərgəsində iştirak ediblər
AHİK-in üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Təhsil İstirahət Mərkəzində keçirilən tələbələrin yay düşərgəsində Şəki Dövlət Regional Kollecinin bir qrup tələbəsi iştirak edib.
7–12 sentyabr tarixlərində “Şəhərsalma və memarlıq ili” çərçivəsində təşkil olunan düşərgə tələbələrin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual və sosial bacarıqlarının inkişaf etdirilməsi baxımından zəngin proqramla yadda qalıb.
Düşərgə çərçivəsində “Süni intellekt və kibertəhlükəsizlik”, “Ana dilinin saflığının qorunması” və digər mövzularda maraqlı görüşlər keçirilib. Bununla yanaşı, müxtəlif intellektual oyunlar, idman yarışları, əyləncə proqramları və digər tədbirlər təşkil olunub.
Düşərgədə iştirak edən tələbələr yaradılan yüksək şəraitə və təşkil olunan maraqlı proqramlara görə ETİHİ Respublika Komitəsinə təşəkkürlərini bildiriblər.
Onlar bu cür layihələrin tələbələrin dünyagörüşünün genişlənməsinə, yeni bilik və bacarıqlar əldə etməsinə, eləcə də asudə vaxtlarının səmərəli keçirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.


